Haqqımda
Aygün Akif
İncəsənət mənim həyatımın bir hissəsi olaraq dünyaya gəldiyim gündən mənimlədir. Mən heykəltəraş, Azərbaycanın Xalq rəssamı Akif Əsgərovun ailəsində böyümüşəm. Erkən uşaqlıq illərindən incəsənət, yaradıcılıq və gözəllik dünyası məni əhatə edib. Böyüdüyüm sənət mühiti həyatımın təbii və ayrılmaz hissəsinə çevrilib. Rəssamlıq isə zamanla dünyanı hiss etmək, qavramaq və ifadə etmək üçün əsas vasitəmə çevrilib. Rəssamlığa çox erkən yaşlarımdan başlamışam. Beş yaşımda ilk əsərimi yağlı boya ilə çəkmişəm. Yağlı boyanın ifadə imkanları, rənglərin dərinliyi və hissləri, əhvalı ifadə etmək imkanları məni elə ilk vaxtlardan cəlb edib. Bu gün həmin ilk uşaq əsərim Bakı Müasir İncəsənət Muzeyində saxlanılır və yaradıcılıq yolumun başlanğıcını xatırladan xüsusi bir əsər olaraq mənim üçün böyük əhəmiyyət daşıyır. Mən rəssamlığı heç vaxt yalnız peşə kimi qəbul etməmişəm. Rəssamlıq mənim həyatımın, daxili dünyamın və özümü ifadə etmək yolumun bir hissəsidir. Əsərlərimdə yalnız gördüklərimi deyil, hiss etdiklərimi də ifadə etməyə çalışıram. Rəng, işıq, əhval və məkan mənim üçün sözsüz ünsiyyət qurduğum bir dilə çevrilir. 18 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşam. 1990-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olmuşam və 1994-cü ildə bitirmişəm. Həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rəngkarlıq fakültəsinə daxil olmuşam və 1998-ci ildə bitirmişəm. 2003-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri İncəsənət Tarixi və Nəzəriyyəsi ixtisası üzrə magistratura pilləsinə daxil olmuşam və 2006-cı ildə bitirmişəm. Peşəkar sərgi fəaliyyətimə 1990-cı illərdə başlamışam. 1999-cu ildə Bakı İncəsənət Mərkəzində ilk fərdi sərgim keçirilib. 2011-ci ildə ikinci fərdi sərgim keçirilib. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. Yaradıcılıq fəaliyyətim ərzində Azərbaycanda və xarici ölkələrdə keçirilən çoxsaylı respublika və beynəlxalq sərgilərdə və incəsənət layihələrində iştirak etmişəm. 2000-ci ildə Azərbaycan Rəssamlar İttifaqının gənc rəssamlar sərgisində diplomla təltif olunmuşam. Həmin il Antalyada türkdilli xalqların sənət sərgisi və simpoziumunda iştirak etmiş və diplomla təltif olunmuşam. 2001-ci ildə TÜRKSOY tərəfindən keçirilən sərgidə iştirak etmişəm. 2002-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin təsis etdiyi Gənclər mükafatına «İlin ən yaxşı rəssamı» nominasiyası üzrə layiq görülmüşəm. Yaradıcılıq fəaliyyətim ərzində əsərlərim Azərbaycanda, Türkiyədə, Rusiyada və digər ölkələrdə keçirilən çoxsaylı sərgilərdə nümayiş etdirilib. Beynəlxalq incəsənət layihələrində, dövlət qurumları, Azərbaycan Rəssamlar İttifaqı, muzeylər və sənət qalereyaları tərəfindən təşkil olunan sərgilərdə iştirak etmişəm. 2012, 2014 və 2015-ci illərdə müxtəlif sənət müsabiqələrində və beynəlxalq sərgilərdə iştirak etmiş və diplomlarla təltif olunmuşam. 2020 və 2021-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, artgift və digər mədəniyyət təşkilatlarının təşkil etdiyi müxtəlif onlayn və ənənəvi sərgi layihələrində iştirak etmişəm. 2023-cü ildə Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş Çanaqqalada keçirilən beynəlxalq sərgidə iştirak etmişəm. Həmin il İstanbulda ART FACTORY qalereyasında Türkiyə Respublikasının 100 illiyinə və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgidə əsərlərim nümayiş etdirilib. 2024-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən Beynəlxalq Qadınlar Günü, Heydər Əliyevin irsi və ətraf mühit problemlərinə həsr olunmuş sərgi layihələrində iştirak etmişəm. 2025-ci ildə «Təsviri sənətdə portret» sərgisində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının «25 il sənət yolu» adlı yubiley sərgisində iştirak etmişəm. 2026-cı ildə İstanbulda keçirilən «Rənglərin zərifəti» adlı beynəlxalq sərgidə iştirak etmişəm. Həmin il Sankt Peterburq Dövlət İncəsənət və Dizayn Akademiyasının təşkil etdiyi «Painters View of the World» adlı beynəlxalq sərgidə «Abstraksiya» nominasiyası üzrə III dərəcəli diplomla təltif olunmuşam. 2018-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim kimi fəaliyyət göstərirəm. Pedaqoji fəaliyyətimi yaradıcılıq fəaliyyətimlə birlikdə davam etdirirəm. Əsərlərim Azərbaycan, Türkiyə, İran, Rusiya, Böyük Britaniya, Almaniya, Norveç və digər ölkələrdə yerləşən sənət qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.